KOBİA ilə uğurlu əməkdaşlıqdan sonra Kiber Təhlükəsizlik Platforması beynəlxalq fəaliyyət istiqamətlərini daha da genişləndirərək yeni bir mərhələyə qədəm qoyur. Bu dəfə diqqət qardaş ölkə Özbəkistana yönəlib.
Son illər ölkəmizdə kibertəhlükəsizlik sahəsində genişmiqyaslı layihələr həyata keçirən Kiber Təhlükəsizlik Platforması, artıq regional və beynəlxalq əməkdaşlıqlara xüsusi önəm verir. Bu istiqamətdə atılan addımlar, yalnız Azərbaycanda deyil, digər ölkələrdə də gənclərin bilik və bacarıqlarının artırılmasına, həmçinin strateji tərəfdaşlıqların qurulmasına xidmət edir.
Yeni mərhələ çərçivəsində Özbəkistanın müvafiq qurumları və təşkilatları ilə əməkdaşlıqlar planlaşdırılır. Əsas məqsəd qardaş ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi, gənclərin bu sahəyə marağının artırılması və təcrübə mübadiləsinin həyata keçirilməsidir. Bu həmçinin, iki ölkə arasında texnoloji inkişafın sürətləndirilməsinə və regional təhlükəsizlik mühitinə töhfə verməyə yönəlib.
Kiber Təhlükəsizlik Platformasının rəhbərliyi bildirir ki, Azərbaycan və Özbəkistan arasında qurulacaq bu əməkdaşlıq həm təhsil, həm də praktiki layihələr üzərində qurulacaq. Birgə tədbirlər, təlim proqramları, startap təşəbbüsləri və beynəlxalq forumlarda birgə iştirak yaxın zamanlarda reallaşdırılması nəzərdə tutulan fəaliyyətlərdəndir.
Qeyd edək ki, Kiber Təhlükəsizlik Platforması bu günə qədər ölkə daxilində və beynəlxalq səviyyədə bir sıra mühüm layihələrə imza atıb. “HackBaku”, “Kiber Kafe”, “Summer School” kimi layihələr, həmçinin “Connecting Smart Minds | AI & Cybersecurity” tədbiri platformanın regional miqyasda tanınmasına səbəb olub. İndi isə bu uğurlu fəaliyyətin Özbəkistan istiqamətində davam etdirilməsi nəzərdə tutulur.
Kiber Təhlükəsizlik Platforması inanır ki, həyata keçiriləcək bu əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında mövcud dostluq münasibətlərini daha da gücləndirəcək, gələcəkdə regionun kibertəhlükəsizlik sahəsində nümunəvi modelinin formalaşmasına təkan verəcək.


